Torpaq vergisi
Torpaq Vergisi
Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
Verginin ödəyiciləri
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
Vergitutma obyekti
Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
Vergi dərəcələri
206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.
206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.
206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir.
206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri | Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) | Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) | ||
10000 m²- dək olduqda | 10000 m²- dən yuxarı olan hissə üçün | 10000 m²- dək olduqda | 10000 m²-dən yuxarı olan hissə üçün | |
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri | 10 | 20 | 0,6 | 1,2 |
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri | 8 | 16 | 0,5 | 1,0 |
Digər şəhərlər və rayon mərkəzləri | 4 | 8 | 0,3 | 0,6 |
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər | 2 | 4 | 0,1 | 0,2 |
Torpaq vergisindən azadolmalar və güzəştlər
207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
207.1.3. fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
207.2. Bu Məcəllənin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.
207.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.
207.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.
207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
207.6. KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.
207.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
207.8. Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji- kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır. Bu maddənin müddəaları eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir.
207.9. Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar.
207.10. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
207.11. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, torpaq vergisini ödəməkdən azaddırlar.
207.12. Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
207.13. Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
207.14. Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 2025-ci il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları
208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.
208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər. Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq elektron qaydada onlara çatdırılır.
208.4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
208.5. Fiziki şəxslər tərəfindən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
208.5-1. Müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir.
Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqdan) sonra bu maddədə müəyyən olunmuş müddətlərdən gec olmayaraq hər ödəniş üzrə həmin torpaq sahələrinə görə hesablanmalı olan illik torpaq vergisi məbləğinin 50 faizi miqdarında cari vergi ödənişlərini yerinə yetirirlər.
Torpaq vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Torpaq vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
208.5-2. Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.
208.6. Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
208.7. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği bu Məcəllənin 119.1-ci maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.